Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun 30 ildir üzərində işlədiyi doqquz cilddən ibarət “İslamöncəsi Türk Tarixi” adlı ensiklopediya elmi ictimaiyyətə təqdim olunub.

Publika.az xəbər verir ki, türk dünyasının tarixinə olduqca böyük töhfə ola biləcək, Anadolu və Azərbaycanda türk xalqlarının keçmişi ilə bağlı müxtəlif manipulyasiyalara birdəfəlik son qoyacaq ensiklopediya İstanbulda nəşr edilib.

Təqdimat mərasiminin moderatoru, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı ensiklopediya haqqında fikirlərini söyləyib. O, kitabın Azərbaycan və bütövlükdə türk dünyası üçün qiymətli bir töhfə olduğunu qeyd edib:

"Firudin bəylə bizi uzun yol, əqidə, məsləhət yoldaşlığı birləşdirir. Onun yaradıcılığına uzun illərdir bələdəm. O, bu kitablarda "iynə ilə gor qazıb". Bütün xəritələri özü hazırlayıb, türk tarixi ilə bağlı hər şeyi üzə çıxarıb, bu araşdırmalara Türk adının çəkilməsinin yasaqlandığı vaxtdan başlayıb. Firudin Ağasıoğlu türk tarixinə baxışı dəyişdirib. O, bu kitabında türk tarixi ilə bağlı bütün yanlış məqamlara aydınlıq gətirib".

Ensiklopediyanın müəllifi professor Firudin Ağasıoğlu 30 ildir türk xalqlarının birləşməsi arzusu ilə yaşadığını qeyd edib:

"Biz, ulu babalarımızdan türkçülüyü öyrənmişik. Bu ideyanı da illərdir ki, aşlayırıq. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti yaradıldı, amma təəssüf ki, rus imperiyası bu dövlətin uzunömürlü olmasına imkan vermədi. Lakin türkçülük ideyası hər zaman yaşadı. Biz özümüzü Azərbaycan ordusunun əsgəri saydıq. 91-ci ilin martında Azərbaycanın sovet ittifaqının tərkibindən çıxmasına səs verdik. O vaxtdan da adımızı istiqlalçı deputat qoydular. Daha sonra isə müstəqilliyimizi qurduq. 90-cı ildə anasının qucağında qaçqın düşən uşaq 2020-ci ildə tankın üzərində Vətəninə qədəm qoydu. Biz bu tarixə şahidlik etmişik.

Türk birliyinə aparan yolun birinci pilləsi əlifba, sonra ortaq dərslik, ortaq ordu, ortaq parlamentdir. Əlifbaya keçməsək, birlik yaranmazdı. Ona görə də biz birinci növbədə əlifbadan başlamalı idik. 30 ildir ortaq əlifba ilə yazıb yaradırıq. Amma təəssüf ki, bəzi türk ölkələri ortaq əlifbaya hələ də keçməyib. Keçilməlidir ki, ortaq dərsliklər yazılsın. 30 ildir bu istiqamətdə təbliğat aparırıq. Türk yeganə xalqdır ki, tolerantdır, tərkibində yaşayan xalqlara qayğı göstərir. Bu ideyaların təməlində də məhz bu kitablar dayanır. Hər bir xalqın tarixi onun dilində görünür. Türklərin olduğu ərazilərdə türk dialektində danışılıb. Onlar 5-6 min əvvəl olduqları ərazini tərk edib başqa yerdə məskunlaşıblar. Amma türk ideologiyası bu gün yaşayır".

“İslamöncəsi Türk Tarixi” ensiklopediyası haqqında danışan müəllif 30 ildir Urmu nəzəriyyəsi üzərində işlədiyini deyib. Professorun sözlərinə görə, bu əsər həmin araşdırmaların nəticəsidir:

"İslamaqədərki tarix mürəkkəb məsələdir, çünki qaynaqlar çox azdır. Bu kitabı yazarkən də çox böyük əmək sərf etmişəm. Urmu nəzəriyyəsini araşdırmışam. Bu nəzəriyyə türklərin köçəri xalq kimi Anadoluya və Azərbaycana gəlmələrini irəli sürən baxışların yanlış olduğunu faktlarla sübuta yetirir. 30 illik araşdırmalarımın nəticəsində “İslamöncəsi Türk Tarixi” adlı doqquz kitabdan (9 Bitik) ibarət bu elmi əsər ortaya çıxdı. Kitabı mən yazmışam, onu ictimaiyyətə çatdıran, çap edən isə Mübariz Mənsimovdur. Ona çox təşəkkür edirəm. Kitabın ərsəyə gəlməsində çox adamın əməyi var. Onların hər birinə təşəkkür edirəm".

Daha sonra çıxış edən sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Firudən Ağasıoğlu ilə olan xatirələrini bölüşüb. O, təqdimatı keçirilən ensiklopediyanın türk dünyası üçün böyük əhəmiyyətə malik tam yeni kitablardan ibarət olduğunu bildirib:

"Firudin bəy 50 il öncə böyük bir yola çıxıb, böyük araşdırmalara başlayıb, Azərbaycan üçün çox işlər görüb. Bizim tarix dərsliklərimizin böyük əksəriyyəti elmdən daha çox siyasi xarakter daşıyır. Nə qədər siyasi xarakter daşıdıqca da keyfiyyətsiz olur. Firudin müəllimin kitablarında elmlik birinci olub və bu kitablarda da öz əksini tapır. Bu gün Türk dünyası üçün, onun gəncləri üçün böyük bir bilik mənbəyi təqdim olunur. İnanıram ki, bu kitablar hər bir Azərbaycan, türk gəncinin stolüstü kitabına çevriləcək".

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov vurğulayıb ki, Türk etnosu ön Asiyadan dünyanın başqa yerlərinə pərvazlanıb. Onun sözlərinə görə, bu konsepsiya Firudin Ağasıoğlunun bütün yazılarında əksini tapıb:

"Firudin bəydən öncə də bir çox tədqiqatlar olub, onların arasında bizim xeyrimizə olanlar var. 70-80-ci illərdə tariximizi yenidən yazan, məlum İran konsepsiyasına qarşı dilçilər çıxış etdilər. Ona görə türk tariximizin ən böyük və ən etibarlı qaynağı dilimizdir. Firudin bəy Oljas Süleymanovla da mübahisə edib. Bu 9 kitab və bundan əvvəlki yazılan kitablar Firudin bəyin şücaəti sayəsində konsepsiya olaraq yönünü dəyişib.

Bu ensiklopediya və bundan öncə yazılmış kitablar Azərbaycan elm tarixinə bir nəzəriyyə, konsepsiya gətirib. Eşq olsun nəzəriyyə ortaya qoyan, bütöv türk tarixi yazan alimlərimizə".

Millət vəkili Əziz Ələkbərov da kitabın əhəmiyyətindən danışıb:

"Azərbaycan xalqını, bütün türk dünyasını bu kitablara görə təbrik edirəm. Biz deyirik ki, tariximizi lazımi səviyyədə yaza bilməmişik. Çünki konsepsiya olmayıb. Mənfur qonşularımız saxta konsepsiya yaradıblar və bütün dünyaya sırımağa çalışıblar. Heç şübhəsiz ki, Firudin müəllimin 9 cildlik bu ensiklopediyası Azərbaycanın müasir tarixinin konsepsiyası olacaq. İslamaqədərki tarix bizə imkan verəcək ki, biz özümüzün gerçək milli konsepsiyamızı yazaq. Firudin Ağasıoğlunun bütün kitabları bizim stolüstü kitabımız olub, heç şübhəsiz ki, bu kitablar da stolüstü kitabımız olacaq".

Türk dünyasının tanınmış şairi Rüstəm Behrudi Firudin Ağasıoğlu ilə olan xatirələrindən danışıb, onun yaradıcılığından söz açıb. Həmçinin o, Firudin Ağasıoğluna həsr etdiyi şeiri səsləndirib:

"Firudin müəllimdən türkçülük mənasında çox şeylər öyrənmişəm. Ondan öyrəndiklərim tam orijinaldır, heç kimin heç yerdə yazmadığı şeylər olub. Firudin müəllimlə 79-cu ildə tanış olmuşuq. Onun da ədəbiyyatla bağlı yazdığı yazılar mənim haqqımda olub. Firudin müəllim mənim tanıdığım alimlər içərisində yeganə insandır ki, o öz işi məşğul olandır. O, türk dünyası üçün böyük şəxsdir".

Professor Eldar Abbasov Firudin Ağasıoğlunu təbrik edib, kitabın tarix baxımından xüsusi əhəmiyyət daşıdığını söyləyib. O, gələcək nəsillərin bu kitabı oxumalı olduqlarını qeyd edib.

Professor Paşa Qəlbinur Firudin Ağasıoğlunu böyük tarixçi və dilçi kimi xarakterizə edib. O, bu kitabın bütün türk dünyası üçün faydalı olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, doqquz cilddən ibarət “İslamöncəsi Türk Tarixi” adlı ensiklopediyası “Palmali” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi ilə İstanbulda nəşr edilib.

Akqabay Mıradov

Kaynak: https://publika.az/news/elmvetehsil/421737.html?fbclid=IwAR2Zv4yNzIaWdHsgZMc-yU7IjwSreN8hhkSL2ORaSn9qKivv1iuA4F_gKx8