“Qadınları zorlayıb, sonra edam edirdilər” – İranla bağlı dəhşətli faktlar

İran hakimiyyətinin güney azərbaycanlılara münasibəti, daha dəqiq desək, birmənalı olmayan rəftarı əksəriyyətə məlumdur. İrandakı soydaşlarımızın istər təhsil, istər dil, istər mədəniyyət, istərsə də digər hüquqlarından yararlana bilməməsi, buna etiraz fonunda isə amansız işgəncələrə məruz qalması acı həqiqətdir. Lakin burada əsas məqamlardan və əksəriyyətə məlum olmayan nüanslardan biri də İranın paytaxtı Tehran şəhərində yerləşən, xüsusən də siyasi məhbusların amansız işgəncələrə məruz qaldığı, nəinki İranın, Şərqin “Quantanamosu” adlanan “Evin” həbsxanası ilə bağlıdır. Nəzərə alsaq ki, İranda siyasi məhbus həyatı yaşayanlar daha çox güneyli soydaşlarımızdır, deməli, bu həbsxana haqqında qatı açılmamış sirlərin Azərbaycan ictimaiyyətinə çatdırılması da bir o qədər əhəmiyyətlidir.

Ətraflı

Müsahibimiz Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) təşkilatının sədri Əjdər Tağızadə iki dəfə, həm Məhəmməd Rza şah Pəhləvi, həm də molla rejimi dövründə sözügedən həbsxanada amansız işgəncələrə məruz qalıb.

– Əjdər bəy, Güney Azərbaycan və İran mövzusu son zamanlar Azərbaycan ictimaiyyətində geniş müzakirə olunur. Ancaq burada əksəriyyətin unutduğu bir məqam var: güney azərbaycanlıların İranda amansız işgəncələrə məruz qalması… Bu məsələdə diqqətçəkən məqam isə “Evin” həbsxanası ilə bağlıdır. Mən bu həbsxana haqqında ilk dəfə güney azərbaycanlı siyasi məhbus və yazıçı Səhər Delicaninin “Cakaranda ağacının uşaqları” romanı əsasında tanış olmuşam. Bu əsərdə soydaşlarımızın məhz həmin həbsxanaya salınması, orada onlara verilən amansız işgəncələrdən bəhs edilir. Siz həm şah, həm də molla rejimi dövründə həmin həbsxanada məhbus həyatı yaşamısınız. Bu dövrləri necə xatırlayırsınız?

– Söz vaxtına çəkər, deyiblər. Dünən gecə Məhəmməd Rza şahın və onun təhlükəsizlik xidməti olan SAVAK-ın səlahiyyətli şəxsinin çıxışlarına qulaq asırdım. O, inqilabdan əvvəl İranı tərk edib. “Evin” həbsxanası şah rejiminin simvoluna çevrilmişdi. Seyid Ruhulla Xomeyni hakimiyyətə gəldikdən sonra hər iki Pəhləvi şahını qeyd edərək deyirdi ki, “bu ata-bala hər yerdə universitetləri bağladı, həbsxanaları, qəbiristanlıqları çoxaltdı”. Bu gün də İranda çoxlu həbsxana var. 1960-ci illərdən Məhəmməd Rza şah Pəhləviyə qarşı partizan hərəkatı başladı. Bunun qarşılığında Məhəmməd Rza şah kiçik dəyişikliklər xaricində ciddi islahatlara getmədi. Amma sonralar Xomeyni dövründə nazir işləmiş Behdi Bazergan – o, siyasi xəttinə görə dinçi idi – məhkəmədə belə bir ifadə işlətmişdi ki, “biz sonuncu adamlar idik ki, Konstitusiya çərçivəsində fəaliyyət göstərirdik”.

Bizdən az müddət sonra İranda silahlı mübarizə başlandı. Bu dövr təkcə İrana xas deyildi. Proseslər demək olar ki, dünyanın hər yerində gedirdi. Hətta Fələstində və İranda solçular, sağçılar və dinçilər birlikdə mübarizə aparırdılar. Bu partizan hərəkatı dövründə Pəhləvi rejiminin İsrail ilə münasibəti çox yaxşı idi. Beləliklə, qarşılıqlı olaraq İranda şaha qarşı mübarizə aparan əsas partizan qüvvələri SSRİ-nin dəstəyi ilə Fələstində formalaşırdı. Məhz bu dövrdən başlayaraq İranda edamların və həbslərin artması səbəbilə paralel olaraq həbsxanalar çoxalmağa başladı. Həmin həbsxanalardan biri mənim də cəza çəkdiyim müəssisə idi ki, onu da israillilər tikmişdi. Bu həbsxanalardan biri də “Evin” idi ki, o da sırf siyasi məhbuslar üçün nəzərdə tutulmuşdu. Bu həbsxana Elbrus dağlarının ətəkləri boyunca Tehranın şimal hissəsində yerləşirdi. “Evin” o dövr üçün kifayət qədər modern həbsxana sayıldığından, bura əsasən qatı cinayətkarlar, partizanlar, fədailər və digər mücahid qruplaşmaların üzvləri gətirilirdi. Məhz SAVAK-ın yaradılması da bu dövrlərə təsadüf edirdi. Hətta SAVAK-ın adı o qədər məşhur olmuşdu ki, şaha verilən suallar da, adətən, onunla bağlı olurdu. Beləliklə, bu zindan SAVAK-ın əsas işgəncə mərkəzlərindən birinə çevrildi. Xatırladım ki, SAVAK-ın yaradılmasında da İsrail hərbi kəşfiyyatının rolu olmuşdu. Biz orada çox böyük işgəncələr görmüşük. Əvvəldə də qeyd etdiyim kimi, SAVAK-ın səlahiyyətli şəxsi çıxışında qeyd edir ki, onlar 9 tanınmış ziyalı şəxsi “Qəsri Qacar” zindanından bura gətirib, gizlincə edam etmişdilər. Məhz o vaxtdan həmin həbsxanada dəhşətli işgəncələr dövrü başlandı.

– Həmin inqilabi hərəkatı güney azərbaycanlılar yaratmışdı, yoxsa xomeyniçilər?

– Həmin dövrdə hələ Xomeyni siyasi səhnədə yox idi. Bu təşkilatlarda əsasən marksistlər, dinçilər və digər şah əleyhdarı qruplar birləşmişdi. Belə demək mümkünsə, bir alyans şəklində formalaşmışdılar. Bu dövrdə işgəncələrin miqyasına görə “Evin” zindanı “gedər-gəlməz” adını almış və məşhur həbsxanalarla müqayisə olunmağa başlamışdı. Mən digər həbsxanada yatarkən dəfələrlə təhdid edirdilər ki, “elə eləmə ki, səni “Evin” həbsxanasına göndərək”. Burada ən ağlasığmaz işgəncələr – zorlamadan tutmuş, dırnaq çıxarmağa qədər müxtəlif işgəncələr tətbiq olunurdu. Bu mənada bu həbsxana hər kəsin canına qorxu salan yer kimi anılırdı. Sonradan inqilab zamanı insanlar “Evin” həbsxanasına hücum etmişdilər. Onda bir çoxları həbsdən qaça bilmişdi. Ancaq Xomeyni dövründə orada o qədər haqsızlıq baş verdi ki, şah dövrü yalan oldu. Hətta belə bir ifadə də yayılmışdı ki, “Evin”də Xomeyni dövrünün bir günü şah dövrünün yüz ilinə bərabərdir. Mənim bu həbsxana ilə ilk tanışlığım da şah dövründə 4-5 günlük başqa müəssisədən ora köçürüləndə oldu. Sonradan Xomeyni dövründə də bu həbsxanada cəza çəkdim. Xomeyni hakimiyyətə gəldikdən dərhal sonra bütün zindanları bərpa etdi. Maraqlısı odur ki, artıq bu həbsxanada nəzarətçi işləyənlər şah dövründə orada cəza çəkən keçmiş dustaqlar idi.

– Bəs ikinci həbsiniz nə vaxta təsadüf edirdi?

– İnqilabdan iki il sonra. Mən həbs olunarkən üzərimdə silah-sursat tapılmamasına rəğmən, “ölkənin milli təhlükəsizliyinə təhdid” və buna bənzər 10-a yaxın ittiham ilə həbs etdilər. Düzdür, mən inqilaba qədər silahlı mübarizədə olmuşdum, ancaq yeni hökumətə qarşı heç bir çıxışım olmamışdı. “Evin” zindanına salındığım gün orada 270 nəfər edam olunmuşdu. Şəxsən Xomeyninin əmri var idi ki, onlar haqqında qətl ayəsi oxunsun. Bu edamların icrasında qaniçənliyi ilə ad çıxarmış Əsədulla Lacaeveherdi aktiv rol oynayırdı. Burada işgəncələr o həddə çatırdı ki, müxtəlif qondarma ittihamlarla həbs olunmuş qızları edamdan qabaq qvardiya əsgərlərinə verirdilər ki, onlar o biri dünyaya bakirə getməsinlər. Əks halda, cənnətə düşə bilərlər. Sonradan bir qutu şokoladı götürüb qızın ailəsigilə gedirdilər. Deyirdilər ki, bəs sizin qızınızla evlənmişəm, amma dünən onu edam etdilər. Bu məlumatlar həmin dövrün qəzetlərində, radiolarda geniş tirajlanırdı.

Başqa bir misal deyim ki, şah dövründə saxlandığım kamerada 4 dənə üçmərtəbəli yataq var idi. Xomeyni dövründə o yataqları yığışdırıb yerinə saman tökdülər. Biz də samanın üzərində yatırdıq. Dustaqlar üçün ümumi tualetlər vardı ki, ora qadınlı-kişili birlikdə gedirdik və hamıya 20 dəqiqə vaxt verirdilər. Həyətə baxmağı qadağan edən otaqlarda 96 nəfər birlikdə qalırdıq. Bu yolla xəstəliklər kütləvi hal alırdı. Vəziyyət o qədər dözülməz idi ki, heç kəsdə o cəhənnəmdən sağ-salamat xilas olmağa ümid qalmamışdı.

Başıma gələn hadisələrdən birini də danışım. Bir dəfə gecədən xeyli keçəndən sonra bizi yuxudan oyadıb, gözlərimizi bağlayıb, pəncərələrinə şüşə əvəzinə dəmir vurulmuş köhnə raflara doldurub naməlum istiqamətə aparırdılar. Avtomobil dayananda hamımızı düşürüb başladılar Quran oxumağa. Bu hal mütəmadi olaraq təkrar edilirdi.

– Məqsəd nə idi ki?

– Məqsəd insanları şüarlar səsləndirməyə təhrik edib, qətlə yetirmək idi. Yəni bizi öldürmək üçün əllərində bəhanə olsun. Ona görə də bizi saatlarla saxlayır, psixoloji təzyiq edirdilər. Bəzilərinin qorxudan ürəyi gedir, bəziləri qusur, bəziləri dözə bilməyib ağlayırdı. İstəyirdilər ki, insanlar mənəvi olaraq da sınsın. Bundan başqa, həmin dəstədən bir neçə şəxsi öldürür, cəsədləri də bizə daşıtdırırdılar. Bir sözlə, bu zindanda on minlərlə insanı məhv etdilər. Hətta bu hadisələri bütün dünya bilirdi.

– “Evin” həbsxanasını amansızlığına görə hansı həbsxanalarla müqayisə etmək olar? 

– Dünyada ən məşhur həbsxana “Alkataras”dır. Yaxud da Fransada “Bastilya” zindanı bir vaxtlar amansızlığına görə çox məşhur olub. Amma hazırda dünyada ən çox Latın Amerikası ölkələrində belə həbsxanalar var ki, kifayət qədər modernləşdirilmiş və geniş bazaya malikdir. Bundan başqa, İranın Kərəc şəhərində həbsxana var. Amma bunların heç biri “Evin”ə çata bilməz. İranın hazırkı prezidenti İbrahim Rəisi həmin dövrdə məhkəmə sədri idi və o vaxt 30 mindən çox insan öldürülüb. Bu qətllərin birbaşa əmr verəni isə Ruhulla Xomeyni idi. Səddam Hüseynlə münaqişə dövründə o, zindandakıların öldürülməsi ilə bağlı əmr vermişdi. Məqsəd də İraq müharibəsindəki məğlubiyyətlərin fonunda zindandakıların azadlığa çıxıb, İraq tərəfdən vuruşmasının qarşısını almaq idi.

– Həbsxanaya salınan və edam olunanlar arasında milliyyətinə görə ayrı-seçkilik edilirdi?

– Xeyr! Məsələn, Xomeyni dövründə Baş prokuror Seyid Hüseyn Musəvi vardı. Təkcə Təbrizdə 180 qadını zorlamışdı. Azərbaycanlı olmasına baxmayaraq, çoxlu cinayətə əl atmışdı.

– Bəs hazırda həmin həbsxananın fəaliyyəti nə yerdədir?

– Burada ayrı-seçkilik qoyulmadan hər kəsə qarşı dəhşətli işgəncələr, qırğınlar olub. Yəni şah və molla rejiminin repressiya aparatı hər kəsin üzərində işləyirdi. Amma hər iki rejim dövründə azərbaycanlılara qarşı daim təzyiqlər olurdu. Çünki İran türk-qacar dövləti idi və ingilislərin əli ilə hakimiyyət türklərdən alınıb farslara – Pəhləvi sülaləsinə verilmişdi. Bu mənada bugünki molla rejimi də öz sələfinin siyasətini davam etdirir.

– İran bu gün niyə daha çox türk-müsəlman ölkələri ilə düşmən siyasət aparır? Halbuki özünü İslam Respublikası adlandırır.

– Pəhləvilərin hakimiyyəti ələ keçirməsi və Xomeyni dövründə bu prosesin gücləndirilməsi ilə İranı fars dövlətinə çevirmək planları başa çatdı. Xomeyninin ilk illər fars milliyyətçiliyini inkar edib, ümumi “Hizbullah” anlayışını ortaya atmasına baxmayaraq, sonradan biz gördük ki, İranda fars milliyyətçiliyi daha çox irəli sürülür. Xüsusilə də ən böyük qorxuları Cənubi Azərbaycan məsələsi idi. Şimalda Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu qorxu daha da artdı.

– Bütün bunların fonunda İranın gələcəyini necə görürsünüz?

– Bu gün İran İslam dünyasına ağalıq etmək niyyətindədir. İranın həm şiə, həm də müsəlman dövlətləri arasında qeyri-ərəb dövləti olması onun maraqlarını ərəb dövlətləri ilə toqquşdurur. Belə bir çətin vəziyyətdə İranın demokratikləşmək, insan hüquqlarına riayət etmək, həmçinin, mollasız bir hakimiyyət, qonşu dövlətlərlə normal münasibət qurmaqdan başqa yolu yoxdur.

– Bəs Güney Azərbaycanın gələcəyini necə dəyərləndirirsiniz?

– Bu gün Güney Azərbaycanın gələcəyi həm də bir növ Qərb ölkələrinin siyasi maraqlarından asılıdır. Görünür ki, Qərb ölkələrində Bütöv Azərbaycan istəyinə isti yanaşılmır deyə, bu proseslərdə Cənubi Azərbaycanın müstəqilliyinə dəstək görmürük. Amma Şimalda Azərbaycanın öz müstəqilliyini bərpa etməsi bizim üçün həm simvolikdir, həm də qürur mənbəyi. Məhz keçən əsrin 1990-cı illərində Azərbaycanda müstəqil dövlət qurulandan sonra Cənubda da bir siyasi canlanma baş verdi. Təəssüf ki, biz molla rejiminin simasında Güney Azərbaycana qarşı elan olunmamış bir savaş görürük. Bu gün İranın bərbad iqtisadiyyatı və siyasəti deməyə əsas verir ki, gec, ya tez bu qaniçən rejim məhv olacaq.

Mərahim Nəsib