Molla rejiminin qənimi Çöhrəqanlının Bakıya əsl gəliş vaxtıdır...

Bünyamin Qəmbərli: “Azərbaycanın Güneyindən olan bir çox tanınmış fəalların iki qardaş ölkəyə girişi ilə bağlı yaranan məhdudiyyətlər aradan qalxmalıdır”

ABŞ-da yaşayan Mahmudəli Çöhrəqanlının yaxınları məlumat verib ki, Bakıya gəlmək üçün yola çıxan cənublu lideri ABŞ-da Türk Hava Yollarının təyyarəsinə buraxılmayıb. Bildirilib ki, onun Türkiyəyə də girişi yasaq olduğu üçün Türk Hava Yolları ilə uçmasına izn verilməyib.

M.Çöhrəqanlıya deyilib ki, onun Türkiyə ərazisindən tranzit kimi istifadə edə bilməsi üçün Bakıdan rəsmi dəvətinin olması və onu təqdim etməsi vacibdir. Bu səbəbdən M.Çöhrəqanlı təyyarəyə minə bilməyib və hava limanından geri qayıdıb. Qeyd edək ki, M.Çöhrəqanlı 1 mayda Bakıya gələcəyini bildirmişdi və təyyarə bileti aldığını da nümayiş etdirmişdi. İranın bizə qarşı etdiklərinin fonunda Türkiyə və Azərbaycan Çöhrəqanlının Bakıya gəlişi ilə bağlı olan texniki problemləri niyə həll etmir? Onun Türkiyə üzərindən Bakıya gəlişi ölkələrimizə hansısa problemlər yarada bilərmi?

Milli Azadlıq Hərəkatının fəallarından olan müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu hadisə ölkələrimizin Güneylə bağlı siyasətlərində yanlışlığın olduğuna dəlalət edir: “Bunun üçün hər iki ölkənin Güneylə bağlı konkret proqramı olmalıdır. Çöhrəqanlıya və ya Güneydən olan hər hansı bir liderə qarşı atılan bu addım yolverilməzdir. Türkiyə dünyanın bir çox ölkələri tərəfindən qəbul olunmayan radikal hərəkətləri ilə ciddi narazılıqlar yaradan adamları nəinki ölkəsinə buraxır, hətta rəsmi şəxslər belə onlarla görüşür. Azərbaycanın Güneyindən olan bir çox tanınmış fəalların iki qardaş ölkəyə girişi ilə bağlı yaranan məhdudiyyətlər aradan qalxmalıdır. Biz hətta onlara soyuq münasibət belə bəsləməməliyik. Bunları aradan qaldırmasaq, bizə gələcəkdə ciddi problemlər yarada bilər. Bu gün İran sanksiyalar altında əzildiyi, hər tərəfdən basqıya məruz qaldığı, iqtisadiyyatı və ordusu bərbad olduğu bir vaxtda Azərbaycana qarşı ciddi təhdidlər edir. Hətta bizi məhv edəcəyi ilə bağlı açıq bəyanatlar səsləndirir. Təsəvvür edin ki, İran güclənsə bizə qarşı hansı hərəkətləri edə bilər? İranın bu vəziyyətini nəzərə alan Azərbaycan və Türkiyə Cənubi Azərbaycanın istiqlal məsələsinə bacardıqları dəstəyi verməlidir. Bu yaxınlarda Güney Azərbaycanla bağlı olan bir koordinasiya şurasının iclasının keçirilməsinə mane olundu. Təəssüf ki, biz bir qədər fərqli münasibət görürük. Türkiyənin televiziyalarında Güney Azərbaycanla bağlı heç bir veriliş verilmir. Yalnız İrandakı ümumi vəziyyətdən bəhs edilir. Biz çalışmalıyıq ki, oradakı mübarizəyə həm maddi, həm informativ, həm də təşkilati dəstək verək. Mahmudəli Çörəqanlının Azərbaycana gəlişi nə indi, nə də gələcəkdə Azərbaycana mənfi mənada təsir etməz. Əksinə, yaxşı təsir göstərər. Çünki İran bizim əleyhimizə olan terrorçu mahiyyətli vətəndaşlarımızı öz ərazisində saxlayır və himayə edir. Çöhrəqanlı kimi bir elm adamına göstərilən bu münasibət heç bir formada anlaşılan deyil”.

1958-ci ildə Güney Azərbaycanın Şəbüstər şəhərinin Çöhrəqan kəndində doğulan Mahmudəli Çöhrəqanlı Təbriz Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib. Tehran Universitetində ümumi dilçilik üzrə namizədlik, Tehran Pedaqoji Universitetində isə doktorluq elmi dərəcəsi alıb. Təbriz və Tehran Universitetlərində dərs deyib. Azərbaycan Milli Elmlər Akademiyasında “Fars dilində türk sözləri” elmi əsərini müdafiə edərək professor olub. 1996-cı ildə Təbrizdən İran parlamentinə namizədliyini verib. Bundan sonra həbs olunub. Üç il sonra yenidən tutulub. 2001-ci ildə İranı tərk edib. 2003-cü ildə üç ay Azərbaycan Respublikasında yaşayıb. 2006-cı ilin iyun ayında əvvəl Türkiyədən, daha sonra Azərbaycandan deportasiya olunub. Hazırda ABŞ-da yaşayır.

Məhəmmədəli QƏRİBLİ - Bakı Xaber

Aktaran: Abdullah Türer Yener